Avropa Məhkəməsi Ermənistana vaxt verdi - `Çıraqovların işi`nə görə


19:27     22 Dekabr 2016 cf7f68d0-743c-46f0-90af-f39b916572dd.jpg

Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə əlaqədar Ermənistana vaxt verib.


Femida.az xəbər verir ki, bu barədə Laçın rayonundan məcburi köçkün düşən Fəxrəddin Paşayev bildirib.

O, qeyd edib ki, Ermənistan höküməti proseslə bağlı dekabrın 30-a qədər onlara vaxt verilməsini istəyib: “10 gün əvvəl London Demokratik Proqres İnstitutunda vəkillərimizlə görüş keçirdik. Sentyabrın 16-da Ermənistan tərəfinə verilən vaxt başa çatmışdı. Biz görüşdə Avropa Məhkəməsinin qərarının icrasının niyə gecikdiyini öyrəndik. Bildirdilər ki, Ermənistan höküməti dekabrın 30-a qədər vaxt istəyib”.

F.Paşayev vurğulayıb ki, Ermənistana verilən vaxt başa çatdıqdan sonra onların vəkilləri qərarın tezləşməsi və prosesin sürətləndirilməsi üçün məhkəməyə ərizə ilə müraciət edəcəklər.

“Ermənistan höküməti bəyan edib ki, onlar Avropa Nazirlər Komitəsi ilə dəymiş ziyanın ödənilməsi üçün yeni mexanizm üzərində işləyirlər və buna görə vaxt verilməlidir. Vəkilərimizdən xahiş etdik ki, bundan sonra Avropa Nazirlər Kabineti ilə hansısa mexanizm işləniləcəksə, onun bizim qərara şamil olunmaması ilə bağlı məhkəmə qarşısında məsələ qaldırsınlar. Konkret məhkəmənin qərarı var və məhkəmənin qərarının icra olunmasını tələb edirik”, - deyə məcburi köçkün əlavə edib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.

Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2884